ELM VƏ TƏHSİL
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Dekabrın 13-14-də Bakıda görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsveç, İran və digər ölkələrdən tanınmış alimlər iştirak edəcəklər.
Konfransın əsasən neft yataqlarının işlənməsi və istismarında innovativ üsullar, neft-qaz sahəsində qeyri-Nyuton sistemlər və riyazi üsullar, veyvlet analiz, freym nəzəriyyəsi, tətbiqləri, obrazların tanınması, siqnalların emalı və filtrasiyasının riyazi üsulları, xətti və qeyri-xətti diferensial tənliklərin tətbiqi, modelləşdirmə və kompüter texnologiyalarının riyazi üsulları kimi elmi istiqamətlərdə müzakirələr aparılacaq.
Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini noyabrın 27-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: (+994 12) 538 72 50
Beynəlxalq konfrans haqqında ətraflı məlumatı http://oilappl2018.azjm.org səhifəsindən əldə etmək olar.