CƏMİYYƏT
Akademik İbrahim Quliyev: Xəzərin səviyyəsinin proqnozlaşdırılması üzrə Beynəlxalq Elmi Mərkəzin yaradılması zamanın tələbidir
Bakı, 5 iyul, AZƏRTAC
Xəzərin səviyyəsinin proqnozlaşdırılması üzrə Beynəlxalq Elmi Mərkəzin yaradılması zamanın tələbidir.
Bakıda keçirilən “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev bu fikirləri konfransın kuluarlarında söyləyib.
Alim tektonik plitələrin qovuşduğu yerdə güclü zəlzələlər zamanı, orta əsrlərdə olduğu kimi dənizin səviyyəsinin kəskin arta bilməsi barədə sualın cavabında deyib: “plitələr həmişə hərəkətdədir, onlar təmasda olur. Artıq 22 ildir ki, biz Massaçusets Kosmik Geodeziya Texnoloji İnstitutu ilə əməkdaşlıq edirik. Bu plitələrin hərəkətini və sürətini izləyirik. Bizim çoxlu izləmə stansiyamız var. Hazırda Oksford Universiteti ilə paleozəlzələlərinin öyrənilməsi üzrə birgə iş aparırıq. Bizim Elmlər Akademiyasında “Qafqazın Neoliti” adlı layihə çərçivəsində pərakəndə halda yerləşən artefaktları tədqiq etmişik. Bu gün həmin artefaktların yaşını dəqiq təyin etməyə və nəinki 100 il, hətta bir neçə min il əvvəlki mənzərəni bərpa etməyə imkan verən yeni metodlar var. Bütün bunlar bizim araşdırmalarda öz əksini tapıb”.