MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrının kollektivi Mehdi Məmmədovun məzarını ziyarət edib
Bakı, 23 may, AZƏRTAC
Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda Xalq Artisti, görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb. Mehdi Məmmədovu Azərbaycan teatrı və mədəniyyətinin böyük simalarından biri kimi səciyyələndirən A.Nemətov deyib: “Mehdi Məmmədov həm Akademik Milli Dram Teatrında, həm də Teatr Xadimləri İttifaqında böyük işlər görüb. Onunla bağlı çox gözəl xatirələrim var. O, təkcə sənətkar deyil, müəllim və insan kimi də yüksək mənəvi keyfiyyətlərə malik idi”.
Mehdi Məmmədovun ailə üzvləri adından çıxış edən Əsəd Məmmədov deyib: “Teatr onun həyatı idi. Mehdi Məmmədov öz həyatını teatrsız təsəvvür edə bilmirdi. Teatra olan hədsiz marağının nəticəsi idi ki, ruhani atasının iradəsi əleyhinə çıxaraq bu sənəti seçmişdi. Ömrünün sonuna qədər müəllim oldu, tələbələr yetişdirdi, teatrımızın inkişafı üçün əlindən gələni etdi”.
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 23 aprel tarixli Sərəncamına əsasən Mehdi Məmmədovun anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.