ELM VƏ TƏHSİL
Akademik Rasim Əliquliyev: “Baza kafedralarının fəaliyyətinə dair hüquqi baza formalaşdırılmalıdır”
Bakı,12 fevral, AZƏRTAC
Qabaqcıl biliklərin ötürülməsində mühüm vasitələrdən biri olan baza kafedralarının elm və təhsilin inteqrasiyasında böyük rolu var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.
“Baza kafedralarının fəaliyyətinə dair hüquqi baza formalaşdırılmalıdır”, - deyən R.Əliquliyev bu addımın kafedralarda dərs keçən müəllim və professor heyətinin əməyinin hüquq çərçivəsində qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Alim rəhbərlik etdiyi qurumun həm də böyük bir təhsil kompleksi missiyasını yerinə yetirdiyini, burada ölkənin minlərlə gənc tədqiqatçısının müasir İKT biliklərini əldə etdiyini vurğulayıb. Qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunda da bu sahədə hüquqi bazanın yaradılması vacib məsələlərdəndir.
R.Əliquliyev bu istiqamətdə AMEA-nın Rəyasət Heyətinin, Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin birgə fəaliyyət göstərməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.