ELM VƏ TƏHSİL
Akademik Yusif Məmmədəliyev adına auditoriyanın açılışı olub
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) binası, dördüncü mərtəbə, sol tərəfdə 462-ci otaq... Burda hər şey onu xatırladır: divardakı portret və şəkillər, məşhur şəxsiyyətlərin alimin haqqında söylədikləri fikir və ona verdikləri dəyər, özünün elm, mədəniyyət, vətəndaşlıq haqqında qiymətli sitatları. Auditoriyanın baş tərəfinə isə görkəmli alimin nurlu siması əks olunan portreti vurulub.
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də universitetdə akademik Yusif Məmmədəliyev adına auditoriyanın açılışı olub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı görkəmli alim, akademik Yusif Məmmədəliyevin Azərbaycan elmində tutduğu mövqedən, neft kimyası sahəsinə gətirdiyi yeniliklər və ixtiralardan danışıb. O, bu ildən universitetin ən yaxşı magistr və bakalavrı üçün Yusif Məmmədəliyev adına mükafat təsis edildiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov dünya şöhrətli alim Yusif Məmmədəliyevin müstəsna xidmətlərindən danışıb: “O, ölkəmizdə kimya elminin banisi, neft kimyasının əsasını qoyan dahi alim idi. Tank əleyhinə yandırıcı maddə olan “Molotov kokteyli”nin, təyyarələr üçün yüksək oktanlı benzinin kəşfi, ilk dəfə təbii qazın birbaşa xlorlaşdırılması, Naftalan neftinin müalicəvi əhəmiyyəti, etil spirti əsasında sintetik kauçuk istehsalı və onlarca digər ixtiralar məhz bu böyük alimin adı ilə bağlıdır. Sovet İttifaqında onu əbəs yerə ”polimerlər istehsalının atası” adlandırmırdılar”.
Universitetin professoru Yunis Qəhrəmanlı məhrum akademikin özünün yazdığı kimi, “kimyanın tilsiminə düşməyini”, keçdiyi həyat yolunu xatırladıb, neftin və neft qazlarının katalitik emalı sahəsindəki elmi tapıntılarından bəhs edib.
Akademikin qızı, mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi Sevda Məmmədəliyeva ailə üzvləri adından atasına göstərdikləri hörmət və ehtirama görə tədbir iştirakçılarına təşəkkür edib, onunla bağlı xatirələrini bölüşüb.
Tədbirin yekununda akademik Yusif Məmmədəliyevə həsr olunmuş film nümayiş olunub.