MƏDƏNİYYƏT
Əlcəzair portalı “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu haqqında xəbəri yayımlayıb
Qahirə, 3 dekabr, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalı dekabrın 2-də ADA Universitetində keçirilmiş “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) haqqında AZƏRTAC-ın xəbərini və fotoşəkillərini yayımlayıb.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər. Xəbərdə qeyd olunub ki, bu ilin aprel ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya irəli sürülüb. Yeni platforma mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Artıq ötən dövr ərzində bir sıra beynəlxalq təşkilat və ölkələrdən bu layihəyə dəstək ifadə olunub.
Xəbərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və mədəniyyət naziri Anar Kərimovun çıxışlarından, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətlərindən əsas məqamlar yer alıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə