SİYASƏT
Ali Radanın deputatı: Ukrayna şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirakı mümkündür
Kiyev, 30 aprel, AZƏRTAC
Ukrayna şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirak edə bilər.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, parlamentin Maliyyə, vergi və gömrük siyasəti məsələləri komitəsinin üzvü İrina Allahverdiyeva deyib.
Azərbaycan və Ukraynanın birgə layihələrin həyata keçirilməsində yüksək təcrübəyə malik olduqlarını qeyd edən deputat bildirib: “Əgər Ukrayna şirkətləri faydalı olarlarsa, onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında iştirak edə bilərlər”.
İrina Allahverdiyeva hesab edir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına Ukraynanın hər hansısa töhfə verəcəyi mümkündür, çünki xalqlarımız arasında anlaşma problemi yoxdur. Bu gün Ukraynada yaşayan azərbaycanlılar da yerli cəmiyyətə çox yaxşı inteqrasiya olunublar. Onlar Ukraynanın iqtisadi inkişafına da öz töhfələrini verirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev