SİYASƏT
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Bakılı” klubunda bu ölkədəki Azərbaycan diaspor rəhbərləri və fəallarının görüşü keçirilib. Görüşün məqsədi Azərbaycanın noyabr ayına təsadüf edən dövlət bayramlarının, eləcə də müstəqilliyimizin bərpasının 25-ci ildönümünün qeyd edilməsidir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, üzvlərinin əksəriyyəti Bakıdan köçmüş yəhudilərin olduğu “Bakılı” klubunun sədri Elmira Əşrəfova Azərbaycanın noyabr ayında qeyd edilən mühüm bayramları - Bayraq Günü, Konstitusiya Günü, Milli Dirçəliş Günü haqqında məlumat verib.
Daha sonra çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova Azərbaycanın müstəqillik tarixindən danışıb. O, həmçinin Azərbaycanda bütün dövrlərdə - həm müstəqillik bərpa edildikdən sonra, həm də ondan əvvəl milli azlıqların, yəhudilərin hüquqlarının qorunmasından bəhs edib. S.Patzer-İsmailova Azərbaycanın, xüsusilə də Bakı şəhərinin tarixən multikulturalizm ənənələrinin qorunduğu az sayda məkanlardan olduğunu vurğulayıb. Azərbaycan və yəhudi icmalarının hətta Azərbaycandan kənarda da dostluq münasibətlərindən danışan S.Patzer-İsmailova deyib ki, Azərbaycanda yəhudilərə olan isti münasibət artıq beynəlxalq aləmə də bəllidir. Azərbaycan “antisemitizm”in olmadığı müstəsna ölkələrdən biridir. Samira Patzer-İsmailova Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini də diqqətə çatdırıb.
Tədbirdə “Bakılı” klubunun sədri Elmira Əşrəfovanın iki xalq arasında dostluğun qorunması istiqamətində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib.
Sonda klubun yaradılmasının 10 illiyi münasibətilə təbriklərini çatdıran S.Patzer-İsmailova E.Əşrəfovaya “Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx” kitabını təqdim edib. Beynəlxalq Frankfurt kitab sərgisində təqdim edilən bu kitab AAK-ın təşəbbüsü, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə alman fotoqraf Barbara Lutterbekin Azərbaycan haqqında təəssüratları əsasında hazırlanıb və Almaniyanın “Vinand” nəşriyyatında çap edilib.