İQTİSADİYYAT
Altı ayda ümumi daxili məhsul istehsalı artıb
Bakı, 16 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,1 faiz artıb. ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub.