DÜNYA
Alyaska ştatının qubernatoru qvardiyanın Meksika ilə sərhədin mühafizəsinə cəlb olunmasını təklif edib
Vaşinqton, 17 fevral, AZƏRTAC
Alyaska ştatının ABŞ-Meksika sərhədindən təxminən 4600 kilometr şimalda yerləşməsinə baxmayaraq, ştatın Respublikaçılar partiyasından seçilən qubernatoru Mayk Danlivi ABŞ-Meksika sərhədinin mühafizəsində Alyaska Milli Qvardiyasından istifadə olunmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, qubernator videomüraciətində Alyaskadan olan əsgərlərin ABŞ-ın cənub sərhədində milli təhlükəsizlik böhranının aradan qaldırılması ilə bağlı Tramp Administrasiyasının siyasətini dəstəkləməyə hazır olduqlarını bildirib. “Сənub sərhədi uzaq görünsə də, bu böhran realdır və Alyaska sakinləri də daxil olmaqla, hər bir amerikalı üçün potensial təhlükədir”, - deyə qubernator açıqlayıb.
Xatırladaq ki, Prezident Donald Tramp ABŞ-Meksika sərhədində humanitar və milli təhlükəsizlik böhranının qarşısını almaq məqsədilə fövqəladə hal rejimi elan edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton