CƏMİYYƏT
Əmək bazarı üzrə işçi qrupun Fəaliyyət Planı üzrə görüləcək işlər müzakirə olunub
Bakı, 26 may, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupun üzvləri olan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda ölkəmizdə əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə yönələn ardıcıl aparılan islahatlar və həmin islahatların əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərlə bağlı mövqeyinə müsbət təsiri qeyd olunub.
İşçi qrupun builki Fəaliyyət Planında 8 hesabat üzrə 16 indikator və müvafiq olaraq 51 tədbirin müəyyən edildiyi bildirilib. Plan üzrə işlərin vaxtlı-vaxtında və işçi qrup daxilində qurumların səmərəli əməkdaşlığı şəraitində hədəflər üzrə davam etdirildiyi diqqətə çatdırılıb.
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru üzrə ölkəmizin mövqeyinin yüksəldilməsi məqsədilə hazırlanmış diaqnostika matrisasının müzakirəsi aparılıb və icra edilməsi sahəsində alt işçi qrupun yaradılması qərara alınıb.
İclasda 2022-ci il üzrə təsdiq olunmuş Fəaliyyət Planına daxil olan tədbirlər, onların icrası sahəsində görülmüş işlər qeyd olunub, Plan üzrə görüləcək işlər müzakirə edilib.