CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşulub
Bakı, 8 aprel, AZƏRTAC
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qoşulub.
Nazirliyin əməkdaşları, DOST könüllüləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin əməkdaşları tərəfindən Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 2 hektar ərazidə 1500-dək şam və zeytun ağacları əkilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu aksiyaların əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına və yaşıllıqların qorunması ilə əlaqədar maarifləndirməyə töhfə verməkdir.
“Yaşıl Marafon” çərçivəsində yaz və payız əkin mövsümləri müddətində ölkədə 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.