CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 18 iyul, AZƏRTAC

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar fəaliyyəti itkin düşmüş şəxslərin və mina qurbanlarının ailələri, cəbhəyanı ərazilərdə yaşayanlar və digər həssas qruplarla bağlı sosial əhəmiyyətli və reabilitasiyayönümlü layihələri də əhatə edir. Bu sahələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə təşkilat arasında fəal əməkdaşlıq üçün imkanlar mövcuddur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə keçirilən görüşdə deyib. Görüşdə BQXK-nın müdafiə işləri üzrə koordinatoru Bjoern Oliver Rahm da iştirak edib.

S.Babayev sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması və reabilitasiyası məqsədilə nazirlik tərəfindən icra olunan proqramlar barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin sosial müdafiə sisteminin ildən-ilə güclənməsinə, həmçinin sosial müdafiə sahəsində aktiv formada dəstək tədbirlərini nəzərdə tutan proqramların getdikcə genişlənməsinə imkan verdiyini vurğulayıb.

Nazir ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası, həmin döyüşlərdə şəhid olmuş insanların, itkin düşmüş şəxslərin ailələrinin sosial təminatı sahəsində aparılan işləri qeyd edib. S.Babayev BQXK-nın humanitar fəaliyyətində sosial yardım proqramlarının, reabilitasiya məqsədli layihələrin icrasının da mühüm istiqamətlərdən olduğunu, bu sahələrdə nazirlik ilə komitə arasında geniş əməkdaşlıq müstəvisinin qurulmasının məqsədəuyğun ola biləcəyini deyib.

Xanım E.A.Sessera BQXK-nın Azərbaycanla bağlı layihələrini diqqətə çatdırıb, ötən dövrdə nazirliklə müəyyən sahələrdə əməkdaşlıq təcrübəsinin olduğunu, gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiklərini bildirib.

Görüşdə, həmçinin mina partlayışı qurbanlarının və itkin düşmüş şəxslərin ailələri, mina partlayışından zərər çəkmiş şəxslər və cəbhəyanı ərazilərdə yaşayanlarla bağlı sosial proqramların, müxtəlif reabilitasiya məqsədli layihələrin icrası, protez-ortopedik məmulatlarla təminat sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.