CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir
Ankara, 24 yanvar, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkına gələrək Ulu Öndərimizin burada ucaldılmış abidəsi önünə tər güllər və çiçəklər düzüb, Ümummilli Liderimizin əziz xatirəsini ehtiramla anıb.
Səfər çərçivəsində qardaş ölkənin sosial sahə üzrə fəaliyyət göstərən qurumlarında görüşlərin keçirilməsi, müvafiq fəaliyyət sahələri, həmçinin sosial xidmətlər, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə qarşılıqlı təcrübə mübadilələrinin və gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələrin aparılması nəzərdə tutulub.
Nümayəndə heyətinin tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Agentliyin Sosial müəssisələrlə iş üzrə departamentin müdiri Sara Ağayeva, beynəlxalq əlaqələr şöbəsinin müdiri Dəyanət Cəmilli və Nazirliyin tabeliyindəki Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzinin direktoru Şahin Qurbanov daxildir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara