CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Sabirabad rayonunda vətəndaşları qəbul edib
Bakı, 27 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini fərdi qaydada qəbul edib. Qəbuldan əvvəl Sahil Babayev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra nazir Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlarla görüşündə nazir Prezident İlham Əliyevin islahatlar proqramının növbəti uğurlu nəticələri kimi, əhalinin sosial müdafiəsi sahəsində ardıcıl olaraq əhəmiyyətli irəliləyişlərə əsas yaradan addımların atıldığını vurğulayıb.
Qeyd edilib ki, şəhid vərəsələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsi genişləndirilib, şəhid ailələrinə təqaüdlərin məbləği artırılaraq 300 manata çatdırılıb. Minimum əməkhaqlarının və minimum pensiyaların məbləği təqribən 40 faiz artırılıb. 850 mindən çox vətəndaşı əhatə edən həmin sosial müdafiə tədbirlərinin davamı olaraq, sosial sahədə daha bir inqilabi addım olan bu il fevralın 25-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncam 577 min nəfər vətəndaşa, o cümlədən 256 min əlilliyi olan şəxsə ödənilən sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasına, hətta bəzi sosial ödənişlərin iki dəfədən çox artırılmasına, həmçinin yeni təqaüd növlərinin təsis edilməsinə imkan verib.
Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl şəkildə mühüm addımların atıldığına, həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli dərəcədə artdığına görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə vətəndaşların sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlbolunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib.
Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb, uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Eləcə də ayrı-ayrı şəxslər işlə təmin edilmək üçün göndərişlə təmin olunub, kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olan işsiz şəxslər bu il özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıblar.
Nazir qeyd edib ki, özünüməşğulluq proqramına ötən il Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində 341 aztəminatlı ailə cəlb edilib. Həmçinin dövlət başçısının təşəbbüsü əsasında bu ilin əvvəlindən icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərində 1500-ə yaxın işsiz və işaxtaran şəxs əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin olunub. Qəbul zamanı bərpa müalicəsinə ehtiyacı olan vətəndaşların reabilitasiyaya cəlb edilməsi tapşırılıb. 2019-cu ildə nazirliyin bir sıra reabilitasiya müəssisələrində olduğu kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işlərinə başlanılacağı qeyd edilib.