CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Sabirabadda vətəndaşlarla görüşəcək
Bakı, 18 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevralın 27-də Sabirabad rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbul zamanı Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərinin müraciətləri dinləniləcək.
Qəbulda nazirliyin səlahiyyət dairəsinə aid məsələlərə - əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlbedilmə və s. dair müraciətlər cavablandırılacaq. Həmçinin müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar fevralın 25-dək adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edə və ya 142 - “Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.