MƏDƏNİYYƏT
Əməkdar Artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycan Televiziyasının “Mədəniyyət” Kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar Artist, qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, gecədə Xalq Artisti Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Asəf Zeynallı adına musiqi kollecinin direktoru Nazim Kazımov, Əməkdar İncəsənət Xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov Zakir Mirzəyevin yaradıcılığından danışacaqlar.
Konsertdə Xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Ehtiram Hüseynov, qarmon ifaçıları Aydın Əliyev, Baxşəli Əliyev, Teyyub Teyyuboğlu və klarnet ifaçısı Qulammirzə Mirzəyev çıxış edəcəklər.