SİYASƏT
Əmir Cavad Şeyx: Azərbaycan dünyanın yeni mərkəzi olacaqdır
Bakı, 7 may (AZƏRTAC). Diaspor Jurnalistləri Birliyi (DJB) “Azərbaycanın xaricdəki əcnəbi dostları” adlı yeni layihəyə başlamışdır.
DJB-ın sədri Fuad Hüseynzadə AZƏRTAC-a bildirmişdir ki, məqsəd əcnəbi ictimai xadimlər, iş adamları və siyasətçilərlə münasibətlər yaratmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana olan diqqəti daha da artırmaqdır.
Layihə çərçivəsində DJB tərəfindən Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və s. fikir adamlarından müsahibələr hazırlanacaqdır.
DJB-ın ilk müsahibi isə Norveçdə yaşayan Pakistan əsilli iş adamı və ölkə parlamentinin deputatı Əmir Cavad Şeyxdir.
Azərbaycan-Norveç münasibətlərin danışan Əmir Cavad Şeyx demişdir: “Norveç ilə Azərbaycan arasında münasibətlər gündən-günə inkişaf edir. Xüsusilə mədəniyyət sahəsində. Norveç səyyahı Tur Heyerdalın xalqlarımız arasındakı əlaqələr haqqında nəzəriyyələri Azərbaycan-Norveç qarşılıqlı münasibətlərinin inkişafına təkan vermişdir”.
Norveçdə çoxlu sayda azərbaycanlı dostunun olduğunu vurğulayan Cavad Şeyx Dağlıq Qarabağ münaqişəsindən də danışmışdır. O, demişdir ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın işğalı altındadır. Qarabağın işğal altında olması Azərbaycan iqtisadiyyatına zərər vurur. Bu gün Azərbaycanda demokratik dövlət qurulmuşdur. Norveçdə Azərbaycan neft ölkəsi kimi tanınır. Norveç Dağlıq Qarabağın Ermənistana aid olmasını qəbul etmir və ümid edirəm ki, gələcəkdə bu məsələnin sülh yolu ilə həllinə dəstək verəcəkdir. Burada yaşayan azərbaycanlı dostlarım münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün çox çalışırlar.
Norveçli deputat gələcəkdə böyük məmnuniyyətlə Azərbaycana səfər etmək arzusunda olduğunu bildirmişdir. Azərbaycan mənim üçün çox maraqlıdır. Bu ölkə dünyanın yeni mərkəzi olacaqdır.