SİYASƏT


Anadolu agentliyi və AZƏRTAC-ın türk dünyası üçün ortaq informasiya mənbəyi yaratmaq təşəbbüsü geniş dəstək qazanıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Yaşadığımız informasiya əsri əsası təxminən 30 il əvvəl qoyulmuş Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) canlandırılmasını, beynəlxalq media təşkilatlarına və platformalarına inteqrasiyasını aktuallaşdırıb. Türkiyənin Anadolu agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bu istiqamətdə birgə fəaliyyətə başlayıb, ortaya bir sıra təşəbbüslər qoyulub, ilk addımlar atılıb.

Qeyd edək ki, Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi 1992-ci ildə Ankarada Anadolu (Türkiyə), AZƏRTAC (Azərbaycan), Kazinform (Qazaxıstan), Kabar (Qırğızıstan) və TAK (Şimali Kipr) agentliklərinin təsisçiliyi ilə yaradılıb. Sonradan Özbəkistanın UzA informasiya agentliyi də təşkilata qoşulub. Birliyin təşkilində məqsəd türk dünyası ilə bağlı xəbərlərin qərəzsiz və obyektiv şəkildə dünyaya çatdırılması, üzv agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılmasıdır. İndiyədək TKA-nın Ankarada, Aşqabadda, Lefkoşada, Karamanda və Bakıda baş assambleyaları keçirilib. Görüşlərdə təşkilatın Nizamnaməsində yenilikləri edilib, qurumun veb-saytı yaradılıb. 2021-ci ilin fevralında AZƏRTAC TKA-nın veb-saytını yeniləyib (tkaweb.org). Hazırda platformada Anadolu, AZƏRTAC, Kazinform, Kabar, UzA agentliklərinin milli, ingilis və rus dillərində xəbərləri yayılır.

Təşkilatın fəaliyyətinin gücləndirilməsi Türk Şurasının oktyabrın 22-24-də İstanbulda keçirilən mediaforumunda bir daha gündəmə gətirilib. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov “Türk dünyası olaraq gələcək qurmaq” mövzusuna həsr olunmuş paneldə çıxışı zamanı Türkdilli Xəbər Agentlikləri Birliyinin Türk Şurası çərçivəsində inkişaf etdirilməsinin, türk dünyası üçün informasiya mənbəyi yaradılmasının vacibliyinə diqqət çəkib. Qeyd edib ki, Sərdar Karagöz Anadolu agentliyinin rəhbəri təyin edilən ilk günlərdə onunla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Söhbət əsnasında birliyin fəaliyyətinin canlandırılması üçün maraqlı layihələr və təkliflər irəli sürüb.

“İki qardaş ölkənin aparıcı informasiya agentlikləri olaraq, ilk növbədə, bu təşkilatın Nizamnaməsini tamamilə yeniləşdirmək, müasir dövrə uyğunlaşdırmaq barədə düşünür, məsləhətləşirik. İstəyirik ki, yaxın aylarda Türkiyə dövlətinin dəstəyi, köməyi ilə Türkdilli Xəbər Agentlikləri Birliyinə üzv ölkələrin xəbər agentlikləri rəhbərlərinin toplantısını keçirək. Bu təşkilatı birgə səylərimizlə ümumi media platformamıza çevirək, onun fəaliyyətini müasir tələblər səviyyəsinə yüksəldək”, - deyə Aslan Aslanov həmkarlarına çağırış edib. Qeyd olunub ki, TKA-nın fəaliyyətinin genişləndirilməsi onun Avropanın, Asiyanın xəbər agentlikləri təşkilatları və bir sıra digər informasiya qurumları ilə sıx əməkdaşlığına, beynəlxalq informasiya məkanına inteqrasiyasına imkan yaradacaq.

Bu təşəbbüs panel iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb və geniş dəstək qazanıb.

Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz çıxışında bildirib ki, TKA-nın Baş Assambleyasının gələn ilin birinci yarısında Antalyada keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, türkdilli dövlətlərin aparıcı xəbər agentliklərinin birgə səyi ilə təşkilatın bazasında vahid informasiya mənbəyi yaratmaq nəzərdə tutulur. Serdar Karagöz diqqətə çatdırıb ki, təşkilata üzv olan digər agentliklər də iştiraka məmnunluqla razılıq veriblər. “Biz üzv agentliklər bir araya gələrək ortaq informasiya mənbəyi yaratmaq niyyətindəyik. Qurumlarımız nə qədər güclü olarsa, gələcəyə də bir o qədər güclü mesajlar verə bilərik. Bu toplantıya yalnız ölkələrimizin xəbər agentliklərini deyil, ictimai-siyasi xadimləri, jurnalistləri, alimləri dəvət edəcəyik. Burada türk dünyasının ən böyük informasiya mənbəyini quracağıq”, - deyə Serdar Karagöz vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.