CƏMİYYƏT
Anesteziyanın yüksək səviyyəsi uğurlu cərrahiyyə əməliyyatının ilkin şərtidir
Bakı, 17 oktyabr, AZƏRTAC
Ölkəmizdə anesteziologiya-reanimasiya xidmətinin təşkili ötən əsrin 60-cı illərinə təsadüf edir. O vaxt 1 nömrəli Kliniki Xəstəxanada anesteziolog-reanimatoloq ştatı fəaliyyət göstərib, bir neçə il sonra isə ayrıca şöbə yaradılıb. 1974-cü ildə Tibb Universitetində anesteziologiya-reanimatologiya kafedrası açılıb və bu sahədə ilk ixtisaslı kadrlar hazırlanmağa başlanılıb. Həmin illərdə cəmi 6 nəfər ixtisaslı kadr var idisə, indi onların sayı 1200-dən artıqdır.
AZƏRTAC xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Anesteziologiya Gününə həsr olunan tədbirdə Mərkəzin anesteziologiya-reanimatologiya şöbəsinin müdiri Fəzilə Xalıqova ölkəmizdə anesteziologiyanın qısaca inkişaf tarixçəsini xatırladıb. O qeyd edib ki, indi onun çalışdığı mərkəzdə anesteziologiya şöbəsi 4 əməliyyatxana, 6 çarpayılıq ayıltma otağı, 12 çarpayılıq reanimasiya şöbəsi və 2 çarpayılıq boksdan ibarətdir və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz edilib.
Tədbiri mərkəzin direktoru, tibb üzrə fəlsəfə doktoru Hikmət Həsənov açaraq son illər səhiyyə, o cümlədən anesteziologiya sahəsində əldə edilən uğurlardan danışıb.
Mərkəzin doğum bölməsi anesteziologiya-reanimatologiya şöbəsinin müdiri Rauf Yaradanovun verdiyi məlumata görə, səhiyyə ocağı 2005-ci ildə fəaliyyətə başlayandan indiyə qədər 2101 əməliyyat aparılıb, onlardan 1966-cı mamalıqla əlaqədar, 135-i ginekoloji əməliyyatlardır. Həmin əməliyyatların 18 faizi ümumi, 82 faizi regional narkozla aparılıb.
Müəssisənin yeni doğulmuşlar şöbəsinin bölmə müdiri Gilə Nəcəfova isə dünyaya yeni gələn körpələrə və analara göstərilən xidmət, aparılan əməliyyatların yüksək səviyyəsi barədə məlumat verib və bunu əks etdirən statistik göstəriciləri və faktları misal çəkib.
Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov bildirib ki, ölkəmizdə xəstələr əməliyyat olunmaq üçün gecikmiş mərhələdə müraciət edirlər: "Əməliyyat edilən xəstədə hansısa fəsad yarandıqda onun günahını anestezioloqda görürlər. Məsələn, xəstə mədə xəstəliyi son həddə yetişəndə əməliyyat masasına gəlib çıxır, halbuki xəstəliyin daha erkən və vaxtında müalicə edilməsi daha rahat və təhlükəsiz olardı. Fəsadlaşandan sonra istər anestezioloq, istərsə də cərrah üçün onu aparmaq asan başa gəlmir. Üstəlik həmin müraciətlər zamanı proses gecikdiyinə görə yanaşı xəstəliklər də çox olur".
Baş anestezioloq-reanimatoloq daha sonra deyib: "Çox hallar olub ki, xəstə sağlam kimi qəbul edilib, amma exokardioqramma çıxarılanda onun ürəyində hansısa narahatlığın olduğu aşkar edilib. Ona görə də əməliyyatdan əvvəl anestezioloq xəstədə yanaşı xəstəliklərin olub-olmamasını ciddi şəkildə araşdırmalıdır.”
Onun dediyinə görə, yüksək səviyyəli anesteziologiya aparılan cərrahi əməliyyatın uğurlu alınmasının ilkin şərtidir. Anesteziologiya yarandığı ilk dövrlərdə sakitləşdirici kimi efir narkozundan istifadə edilirdi. Üstündən çox-çox illər keçib, anesteziologiyada efir narkozu arsenaldan çoxdan çıxarılıb. İndi tibbin bu sahəsi öz inkişafının ən yüksək səviyyəsinə çıxıb. Bu gün ölkəmizin səhiyyə müəssisələrindəki xidmətin səviyyəsi bu sahədə narahatlıq üçün heç bir əsas vermir.