DÜNYA
Angela Merkel V4 liderləri ilə görüşüb
Praqa, 8 fevral, AZƏRTAC
AFR-in federal kansleri Angela Merkel Vışeqrad dördlüyü ölkələrinin - Macarıstan, Polşa, Slovakiya və Çexiyanın hökumət başçıları ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, AFR kansleri Vışeqrad dördlüyündə sədrlik edən Slovakiyanın Baş naziri Peter Pelleqrininin dəvəti ilə Bratislavada V4 ölkələrinin sammitində iştirak edib.
Çexiya və Slovakiya hökumətlərinin başçıları Avropada təhlükəsizliyi möhkəmləndirməyin vacibliyindən danışıblar. Çexiya lideri Şengen zonasının Rumıniya və Bolqarıstana tətbiq edilməsinin lehinə çıxış edib.
V4 ölkələri Aİ-nin miqrasiya siyasətinə şübhə ilə yanaşırlar. Merkel deyib: “Bizə Şengen zonası lazımdır və biz onu saxlamaq istəyirik. Lakin bunun üçün xarici sərhədlərimizi müdafiə etməliyik. Söhbət yalnız qanuni miqrasiyadan gedə bilər: kimin sərhədi keçəcəyini üzv ölkələrin özləri müəyyən etməlidir. Qeyri-leqal miqrantların belə hüququ ola bilməz”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa