REGİONLAR
Ankaranın Keçiörən bələdiyyəsi ilə Sumqayıt bələdiyyəsi arasında gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub
Sumqayıt, 7 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Ankaranın Keçiörən bələdiyyəsinin nümayəndələri Sumqayıta səfər ediblər. Sumqayıt şəhər bələdiyyəsində keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın hazırkı səviyyəsi, perspektivləri nəzərdən keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt bələdiyyəsinin sədri Sultan Əsədov son illərdə şəhərdə aparılan yenidənqurma, abadlıq işləri barədə məlumat verib, həyata keçirilən infrastruktur layihələrindən danışıb. Sultan Əsədov 8 aya yaradılan Sumqayıt bulvarı haqqında danışaraq, bu layihənin Madrid və Parisdə ali beynəlxalq mükafata layiq görüldüyünü vurğulayıb.
Qonaqlar Mustafa Araç və Fatih Canpolat Keçiörən bələdiyyəsinin fəaliyyəti barədə məlumat verib, Sumqayıt şəhəri ilə yaradılan əlaqələrdən məmnunluq ifadə ediblər.
Səfər çərçivəsində qonaqlar Sumqayıtda son illərdə görülmüş işlər, yeni tikilmiş inzibati binalar və bulvarla tanış olublar.
Xatırladaq ki, Sumqayıt bələdiyyəsi və Ankaranın Keçiörən bələdiyyəsi 2011-ci ildən qardaşlaşmış bələdiyyələr olaraq əməkdaşlıq edirlər.