DÜNYA
Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib VİDEO
Antalya, 11 mart, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan və qısa zaman kəsiyində beynəlxalq səviyyəli müzakirələr platformasına çevrilən Antalya Diplomatiya Forumu (ADF) işə başlayıb. Builki forumda 17 dövlət başçısı, 80 nazir, 39 beynəlxalq təşkilatın rəhbəri, dünyaşöhrətli alimlər və digər rəsmi şəxslər iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılış mərasimində xarici işlər naziri Mövlud Çavuşoğlu “Diplomatiyanın yenidən qurulması” mövzusunda keçirilən Forumun məqsəd və hədəfləri barədə ümumi məlumat verib.
Sonra BMT-nin Baş katibi Antonio Quterreşin forum iştirakçılarına videomüraciəti təqdim olunub.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Beynəlxalq aləmdəki proseslərdən geniş bəhs edən Türkiyə dövlətinin başçısı münaqişələrin və qarşıdurmaların yaratdığı insan faciələrinin bəşəri fəlakət olduğunu bir daha diqqətə çatdırıb.
Türkiyənin beynəlxalq və regional proseslərdə roluna toxunan Rəcəb Tayyib Ərdoğan ölkəsinin haqqın və ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb. O bir daha vurğulayıb ki, bu mövqe dəyişməzdir.
Xatırladaq ki, Azərbaycanı forumda təmsil edən nümayəndələr üç gün ərzində həm ayrı-ayrı panellərdə çıxışlar edəcək, həm də ikitərəfli görüşlərdə ölkəmizin milli maraqlarını və mənafelərini xarici iştirakçılara çatdıracaqlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya