CƏMİYYƏT
Antalyada beynəlxalq endokrinoloji konfrans başa çatıb
Antalya, 27 oktyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən EndoBridge (Endokrinoloqlar arasında körpü) beynəlxalq VII illik konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, dünyanın iyirmidən artıq ölkəsindən 680 nəfərin iştirakı ilə keçirilən konfransda Azərbaycanı Respublika Endokrinoloji Mərkəzin (REM) direktor müavini, Azərbaycan Endokrinologiya Cəmiyyətinin vitse-prezidenti Babək Salekin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edib.
Konfransın yekunu ilə bağlı təşkilat komitəsi mətbuat konfransı keçirib.
Amerika Endokrin Dərnəyinin sədri, professor Qari Hammer, Avropa Endokrinoloji Dərnəyin keçmiş sədri, professor Aart J Van Der Lely, Türkiyə Endokrinoloji Dərnəyinin sədri, professor Füsun Sayğılı və EndoBridge konfransının təsisçisi, professor Okan Bülent Yıldız üç gün ərzində müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, konfrans əvvəlki illərdə olduğu kimi endikrinologiya - daxili sekresiya vəzlərinin (hormon ifraz edən orqanlar) müayinəsi və müalicəsi, bu sahədəki problemləri, onların aradan qaldırılması yollarını və yeniliklərin tətbiqi məsələlərini müzakirə edib. Məlumat verilib ki, hazırda dünyada 425 milyon diabetli xəstə var. 2040-cı ilədək bu xəstəlikdən əziyyət çəkənlərin ümumi sayının 642 milyona çatacağı proqnozlaşdırılır.
Məlumat verilib ki, VIII EndoBridge beynəlxalq konfransın keçirilməsi 2020-ci il oktyabrın 22-25-də nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya