ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə Aparatın rəhbəri Natiq İsayev 20 Yanvar faciəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib. Vurğulayıb ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Həmin günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçən Vətən övladları şəhidlik zirvəsinə ucalıblar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Bu təcavüz zamanı 147 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb. Yanvarın 21-də bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış edib, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edib, dinc sakinlərə qarşı cinayət əməlləri törədənlərin cəzalandırılmasını və qoşunların Bakıdan çıxarılmasını tələb edib. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verilib. Bu gün Prezident İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinin daim diqqət mərkəzində saxlanmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Onlar ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Anım tədbirində çıxış edənlər 20 Yanvar faciəsini törədənləri lənətləyib, ölkəmizdə müharibə veteranlarına, şəhid ailələrinə və əlillərə göstərilən dövlət qayğısından danışıblar.
Əqli Mülkiyyət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, onların xatirəsinə ehtiramlarını ifadə ediblər.