RƏSMİ SƏNƏDLƏR


Aqrar sığorta haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.2. aqrar sığorta orqanı – aqrar sığorta sistemi üzrə bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsi;

1.1.3. idarəedici qurum – aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçı;

1.1.4. vasitəçi aqrar sığortaçı – Azərbaycan Respublikası ərazisində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada sığorta fəaliyyəti göstərən və idarəedici qurumun səhmdarı olan yerli hüquqi şəxs;

1.1.5. müstəqil ekspert – sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs;

1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;

1.1.7. aqrar sığorta məhsulu – kənd təsərrüfatı məhsullarının istehsalçılarına onların əmlak mənafelərinin müdafiəsi üçün vasitəçi aqrar sığortaçı tərəfindən təklif edilən sığorta xidməti;

1.1.8. akvakultura məhsulu – akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri.

1.2. Bu Qanunda nəzərdə tutulmayan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Aqrar sığorta haqqında qanunvericilik

2.1. Aqrar sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Ələt iqtisadi zonasında aqrar sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Aqrar sığorta sahəsində dövlətin vəzifələri

3.0. Aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri aşağıdakılardır:

3.0.1. aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək;

3.0.2. aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;

3.0.3. aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək;

3.0.4. aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək;

3.0.5. aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək;

3.0.6. aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.0.7. aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək.

Maddə 4. Aqrar sığortanın predmeti

4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır:

4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);

4.1.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar;

4.1.3. akvakultura məhsulu.

4.2. Bu Qanunun 4.1-ci maddəsində sadalanan aqrar sığorta predmetinin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.3. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları, habelə karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki və ya xəstə kənd təsərrüfatı heyvanları və akvakultura məhsulları aqrar sığortanın predmeti ola bilməz. Bu tələbə riayət olunması qaydası sığorta qaydaları ilə müəyyən edilir.

Maddə 5. Aqrar sığorta üzrə təminat verilən risklər

5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:

5.1.1. təbii fəlakətlər;

5.1.2. yanğınlar;

5.1.3. bitki xəstəlikləri və zərərvericilər;

5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr;

5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;

5.1.6. üçüncü şəxslərin hərəkətləri.

5.2. Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz.

5.3. Bu Qanunun 5.1-ci maddəsində sadalanan aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 6. Aqrar sığortanın tənzimlənməsi

6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir.

6.2. Sığorta qaydaları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə aşağıdakılar müəyyən olunur:

6.2.1. sığorta haqqının hesablanması, ödənilməsi qaydası və forması;

6.2.2. sığorta haqqı üzrə güzəştlər və əlavələr;

6.2.3. qismən sığorta, azadolma və gözləmə müddəti;

6.2.4. sığorta müqaviləsinin forması;

6.2.5. sığorta müqaviləsinin bağlanılması müddətləri;

6.2.6. bu Qanunun digər maddələrində müəyyən edilən hallar.

6.3. Sığorta qaydalarına sonradan edilmiş dəyişikliklər qüvvədə olan sığorta müqavilələrinə şamil edilmir.

6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir.

6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir.

6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır.

6.7. Aqrar sığorta müqaviləsi sığorta qaydaları və aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş müddətdən artıq müddətə bağlanıla bilməz.

6.8. Aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir.

Maddə 7. Aqrar sığorta haqqı

7.1. Aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir:

7.1.1. aqrar sığortalı tərəfindən ödənilməli olan hissə;

7.1.2. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə.

7.2. Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

7.3. Aqrar sığortalı tərəfindən ödənilməli olan hissə birbaşa aqrar sığorta orqanının bank hesabına ödənilir.

2-ci fəsil

Aqrar sığorta sisteminin subyektləri

Maddə 8. Aqrar sığorta orqanı

8.1. Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır.

8.2. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir.

8.3. Aqrar sığorta orqanı bu Qanun və nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir. İdarəedici qurumun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə, həmçinin bu Qanunun 10.7-ci maddəsində nəzərdə tutulmuş məsələlərə baxılması üçün aqrar sığorta orqanı daxilində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən Apelyasiya Şurası yaradılır.

8.4. Aqrar sığorta orqanı öz mənfəətini aşağıdakı istiqamətlərə yönləndirir:

8.4.1. uzunmüddətli sığorta ehtiyatlarının formalaşdırılmasına;

8.4.2. nizamnamə kapitalının artırılmasına;

8.4.3. sığortalı tərəfindən ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə;

8.4.4. dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə.

8.5. Aqrar sığorta orqanının aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.

Maddə 9. İdarəedici qurum

9.1. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.

9.2. Səhmdarlardan heç biri öz payını satmadığı halda idarəedici qurum əlavə səhm buraxılışını həyata keçirir.

9.3. İdarəedici qurum öz fəaliyyətini bu Qanuna, nizamnaməsinə və aqrar sığorta orqanı ilə imzalanmış müqaviləyə uyğun həyata keçirir.

9.4. İdarəedici qurum tərəfindən qiymətli kağızların (səhmlər istisna olmaqla) buraxılmasına, dövlət büdcəsindən və ya digər mənbələrdən borc vəsaitinin cəlb edilməsinə yol verilmir.

9.5. İdarəedici qurumun əməliyyat xərcləri aqrar sığorta orqanı ilə aralarında bağlanmış müqavilə əsasında müəyyən edilir.

9.6. İdarəedici qurum aqrar sığorta orqanı adından qanuna uyğun qaydada bağlanmış müqavilələr üzrə öhdəlik daşımır.

9.7. İdarəedici qurum fəaliyyətini dayandırdıqda, ləğv olunduqda və ya məhkəmə qərarı ilə müflis elan edildikdə onun bütün sənədləri aqrar sığorta orqanına təhvil verilir.

9.8. İdarəedici qurum aqrar sığorta orqanı tərəfindən verilmiş əmlakdan və daxil olan vəsaitlərdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

9.8.1. sığorta ödənişlərinin həyata keçirilməsi;

9.8.2. təkrarsığorta əməliyyatlarının aparılması;

9.8.3. vasitəçi aqrar sığortaçılara komisyon muzdlarının ödənilməsi;

9.8.4. inzibati xərclərin ödənilməsi;

9.8.5. investisiya əməliyyatlarının aparılması;

9.8.6. aqrar sığorta informasiya sisteminin formalaşdırılması və ona texniki xidmətin göstərilməsi.

9.9. İdarəedici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 15 faizindən çox olmamalıdır.

Maddə 10. Müstəqil ekspertlər

10.1 Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. Həmin imtahanın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələblərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən edir. Tələblərə uyğunluğu müəyyən edilən şəxslər bu fəaliyyətə aqrar sığorta orqanının qərarı ilə cəlb edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri tətbiq edilmir.

10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.

10.4. Müstəqil ekspertin müqavilə şərtlərini pozduğu aşkar edildikdə bu barədə aqrar sığorta orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

10.5. Sığortalanan riski qiymətləndirən müstəqil ekspert, həmin risk üzrə sığorta hadisələrinin araşdırılmasında və zərərin qiymətləndirilməsində iştirak edə bilməz.

10.6. Müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə haqq aqrar sığorta orqanının müəyyən etdiyi qaydada və onun vəsaiti hesabına ödənilir. Sığorta ödənişinin məbləği barədə sığorta müqaviləsinin tərəfləri arasında mübahisə yarandığı hallarda yeni müstəqil ekspert təyin edilə bilər.

10.7. İlkin və yeni müstəqil ekspert tərəfindən verilmiş rəylər bir-birindən fərqli olduqda aqrar sığorta orqanının Apelyasiya Şurasında baxılır və müvafiq qərar qəbul edilir. Apelyasiya Şurasının qərarı yeni müstəqil ekspertin rəyini təsdiq edərsə onun xidmət haqqı ilkin ekspertin vəsaiti hesabına, ilkin müstəqil ekspertin rəyini təsdiq etdikdə isə sığortalının vəsaiti hesabına ödənilir.

Maddə 11. Vasitəçi aqrar sığortaçılar

11.1. Vasitəçi aqrar sığortaçılar aqrar sığorta ilə bağlı münasibətlərdə aqrar sığorta orqanı və aqrar sığortalı arasında aqrar sığortanın tətbiqi üzrə sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirir.

11.2. Vasitəçi aqrar sığortaçılar idarəetmə qurumu ilə sığortalı arasında aqrar sığorta müqaviləsi bağlanmasına vasitəçilik etməklə yanaşı sığortalılara haqqı ödənilməklə aqrar sığorta ilə bağlı hüquqi, texniki və təşkilati xidmətlər göstərirlər.

11.3. Sığorta vasitəçiliyi fəaliyyəti üçün aqrar sığorta orqanı bu Qanunla müəyyən olunmuş qaydada vasitəçi aqrar sığortaçılar ilə müqavilə bağlayır.

11.4. Vasitəçi aqrar sığortaçılar sığorta vasitəçiliyi fəaliyyətinə görə sığorta qaydaları ilə müəyyən edilmiş məbləğdə komisyon muzd alırlar.

11.5. Aqrar sığortalının sığorta haqqını hissə-hissə ödəməsi hallarında aqrar sığorta orqanı ilə vasitəçi aqrar sığortaçı arasında bağlanan müqavilədə sonuncu tərəfindən təminat alətlərinin tətbiq edilməsi nəzərdə tutula bilər.

Maddə 12. Aqrar sığortalı

12.1. Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır.

12.2. Aqrar sığortalının hüquq və vəzifələri aqrar sığorta müqaviləsində müəyyən olunur.

3-cü fəsil

Aqrar sığortanın həyata keçirilməsi

Maddə 13. Aqrar sığorta informasiya sistemi

13.1. Aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərinin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə aqrar sığorta orqanı tərəfindən aqrar sığorta informasiya sistemi yaradılır.

13.2. Aqrar sığorta informasiya sistemi dövlət informasiya sistemi sayılır. Sistemin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənir.

13.3. Aqrar sığorta informasiya sisteminə inteqrasiya edilməli olan informasiya sistemlərinin və onlardan əldə olunan məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

13.4. Aqrar sığorta orqanı aşağıdakı məlumat və sənədləri elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edir:

13.4.1. hava və iqlim şəraiti barədə;

13.4.2. su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şoranlaşma və şorakətləşmə vəziyyəti;

13.4.3. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlar.

13.5. Bu Qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş məlumatların (sənədlərin) əldə edilməsinə görə:

13.5.1. dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir;

13.5.2. bütün digər hallarda heç bir ödəniş tələb olunmur.

13.6. Sığorta müqavilələri üzrə məlumatlar mütəmadi olaraq idarəedici qurum və (və ya) sistemin digər istifadəçiləri (vasitəçi aqrar sığortaçılar, müstəqil ekspertlər və aqrar sığortalılar) tərəfindən aqrar sığorta informasiya sisteminə daxil edilir.

Maddə 14. Riskin qiymətləndirilməsi

14.1. Sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert sığorta predmetinə baxış keçirir və onun məruz qala biləcəyi riskləri qiymətləndirir.

14.2. Müstəqil ekspert sığorta predmeti ilə bağlı olan risklər üzrə sığorta qaydaları ilə müəyyən edilən məlumatları aqrar sığorta informasiya sisteminə daxil edir.

Maddə 15. Aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi

15.1. Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi aşağıdakı şərtlər yerinə yetirildikdə həyata keçirilir:

15.1.1. sığorta müqaviləsi qanunvericiliyə və sığorta qaydalarına uyğun bağlandıqda;

15.1.2. sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilən hissəsi tam və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hissə-hissə ödəniş formasının ilk hissəsi ödənildikdə.

15.2. Dövlət büdcəsinin vəsaiti hesabına aqrar sığorta haqqının bir hissəsinin maliyyələşdirilməsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunlara uyğun olaraq həyata keçirilir.

15.3. Aqrar sığorta orqanı hər ayın sonunda sığorta müqavilələri üzrə sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin ödənilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş sənədləri müraciətə əlavə edir.

15.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin müraciətin daxil olduğu tarixdən sonrakı 10 iş günü müddətində aqrar sığorta orqanının müvafiq bank hesabına köçürülməsini təmin edir.

15.5. Aqrar sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş hissəsi aqrar sığorta orqanının bank hesabında saxlanılır və yeni sığorta müqavilələri üzrə bu Qanunun 15.1-ci maddəsinə uyğun qaydada istifadə edilir.

15.6. Aqrar sığortalının aqrar sığorta haqqını tam və ya qismən ödəməsindən asılı olmayaraq, dövlət tərəfindən aqrar sığorta haqqının bu Qanuna uyğun qaydada müəyyən edilən hissəsi tam həcmdə ödənilir.

Maddə 16. Sığorta hadisəsinin araşdırılması

16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı idarəedici quruma müraciət edir və idarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.

16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir.

16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.

Maddə 17. Aqrar sığorta ödənişi haqqında qərar

17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.

17.3. Sığorta ödənişinin verilməsi barədə qərar bu Qanun və sığorta qaydalarında müəyyən edilmiş müddətdə icra edilir.

17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 18. Təkrarsığorta

18.1. Aqrar sığorta üzrə sığortalanmış risklər aqrar sığorta orqanının şəxsi tutumundan çox olan hissədə, həmçinin aqrar sığorta orqanı üçün əhəmiyyətli hesab edilən hallarda xarici və yerli təkrarsığortaçılarda təkrarsığorta etdirilir.

18.2. Təkrarsığorta əməliyyatları aqrar sığorta orqanı tərəfindən müəyyən olunmuş təkrarsığorta siyasətinə uyğun olaraq həyata keçirilir.

4-cü fəsil

Yekun müddəalar

Maddə 19. Aqrar sığorta haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 20. Keçid müddəa

Bu Qanunun 13.3-cü maddəsinə uyğun olaraq müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər (bu Qanunun 13.5-ci maddəsi nəzərə alınmaqla) aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu əsasında təqdim edilir.

Maddə 21. Yekun müddəalar

21.1. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

21.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının 2002-ci il 18 iyun tarixli 344-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 582; 2005, № 8, maddə 692; 2008, № 11, maddə 960; 2013, № 11, maddə 1292; 2016, № 3, maddə 417; 2019, № 1, maddə 34) ləğv edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin