DÜNYA
Ərəb ölkələri Qətərdən nə tələb edirlər?
Bakı, 23 iyun, AZƏRTAC
Dörd ərəb ölkəsi Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk kanalını ləğv etməyi tələb edir.
AZƏRTAC xəbər verir ki, Assosiated Press agentliyinin bir qədər əvvəl yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Küveytin vasitəçiliyi ilə Qətərə tələblərin siyahısını veriblər. Dohadan, həmçinin bu dörd ölkədə terrorizm ittihamı üzrə axtarılan bütün şəxslərin təhvil verilməsi və xarici müxalifət nümayəndələrinin maliyyələşdirilməsi haqqında ətraflı hesabat təqdim edilməsi tələb olunur.
Bundan başqa, Qətər hələlik məbləği dəqiqləşdirilməmiş kompensasiya ödəməlidir. Bütün tələblərin yerinə yetirilməsi üçün ona on gün vaxt verilib.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Dohanı beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edib və onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Küveyt və Oman istisna olmaqla, onlara digər körfəz ölkələri də qoşulublar.