SİYASƏT
Argentina nəşri Ermənistanın hərbi təxribatlarından yazır
Madrid, 14 oktyabr, AZƏRTAC
Argentinada çıxan gündəlik “Clarin” qəzetinin internet portalında “Azərbaycan Ermənistanın bir neçə ballistik raketinin məhv edildiyini bildirib” sərlövhəli məqalə dərc olunub (bax: https://www.clarin.com/agencias/efe-azerbaiyan-informa-destruido-varios-cohetes-balisticos-armenia_0_VoeItWslWd.html).
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilən məqalədə oktyabrın 14-də Ermənistan ərazisində Azərbaycanın mülki infrastruktur obyektlərinə və şəhərlərinə tuşlanmış bir neçə ballistik raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi bildirilir.
Oktyabrın 14-ünə keçən gecə Azərbaycan Ordusu Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun yaxınlığında sərhədyanı zonada Ermənistan tərəfindən yerləşdirilmiş bir neçə taktiki ballistik raket kompleksini məhv edib. Sonradan yenə həmin ərazidə ermənilərin daha bir ballistik raketi məhv edilib. Azərbaycan hərbçilərinin verdiyi məlumata görə, bu raket ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə tuşlanıbmış.
Argentina nəşri öz oxucularının diqqətinə çatdırır ki, oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənstan arasında humanitar mülahizələrə əsasən atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar bircə gün belə dayanmayıb.
“Clarin” qəzeti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixi barədə məlumat verir. Qeyd edilir ki, həmin münaqişə nəticəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, habelə ona bitişik, “təhlükəsizlik zolağı” adlanan geniş əraziləri işğal edib.
Qəzet yazır: “Azərbaycan bəyan edir ki, Ermənistanla münaqişənin nizamlanması üçün hazırda işğal altında olan ərazilər hökmən işğaldan azad edilməlidir. Bu tələb BMT Təhükəszilik Şurasının bir neçə qətnaməsində təsbit olunub”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid