REGİONLAR
Arıçı: Hər arı ailəsinə görə 10 manat subsidiya ayrılması arıçılığın inkişafına stimul verəcək
Ağdam, 21 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Arıçılara saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilməsi arıçılığın inkişafına böyük dəstəkdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 40 ildən çoxdur arıçılıq sahəsində fəaliyyət göstərən Ağdam rayon sakini Solmaz Nəcəfova deyib. Ağdam rayonunun Mollalar kəndindən olan Solmaz xanım hələ uşaq vaxtlarından arıçılığa böyük maraq göstərdiyini bildirib: "Ata-babadan arıçılıqla məşğul olmuşuq. Bu sahəyə maraq da məndə kiçik yaşlarımdan yaranıb. Odur ki, orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində arıçılıq ixtisası üzrə təhsil aldım. O zaman 70-dən artıq arı ailəsi saxlayırdıq. Bu işdə atamın ən yaxın köməkçisi idim. Gözəl vaxtlar idi. Yaz mövsümündə arıları Kəlbəcər rayonuna aparırdıq. Kəndimiz işğal olunandan sonra çətinliklərə baxmayaraq, ailəmizin arıçılıq ənənələrini davam etdirdim. Uzun müddət yol kənarlarında, çətin şəraitdə yaşadıq. Hazırda Quzanlıda dövlətimiz tərəfindən inşa edilən qəsəbədə evlə təmin edilmişik. Arıları da burada saxlayırıq".
Solmaz Nəcəfova qeyd edib ki, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilməsi bu sahəyə marağı daha da artıracaq. "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya verilməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarla tanış oldum. Biz arıçılar arıçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanaraq, təsərrüfatımızı daha da genişləndirəcək və arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağa çalışacağıq”, - deyə arıçı bildirib.