MƏDƏNİYYƏT
Arif Hüseynov: Dahi şairin yubileyi ilə əlaqədar irəli sürülən təşəbbüs alqışalayiqdir
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər millətin rifahına, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə istiqamətlənib. Onun təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağacın əkilməsi ideyası dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq rəssamı Arif Hüseynov deyib.
Qeyd edək ki, bu günlərdə Xalq rəssamı Arif Hüseynovun böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Kitab qrafikası” adlı fərdi sərgisi və “Arif Hüseynov - qrafika” kitabının təqdimatı olub. Arif Hüseynovun Nəsimi ünvanlı silsilə qrafik nümunələrinin fəlsəfəyə bələnmiş düşündürücü bədii ifadəsi kifayət qədərdir.
Rəssam bildirib ki, ağaclar ədəbiyyat üçün yeni mövzu deyil. Ağaclar insanı ucqar bir dünyaya aparır, eyni zamanda, müasir məzmuna uyğun formada yeni şəkildə qarşımıza çıxır. Ağaclar heyranedici və unikaldır! Hər ağacın öz rəngi və öz möhkəmliyi var. Daha tünd çalarlı olanlar da, daha yüngül çalarlılar da var. Bu səbəbdən də rəssamların da təbiətə və ağaclara münasibəti tam fərqlidir. Hazırda ölkəmizdə ağac¬oyma sənəti ilə çox sayda sənətkar məşğul olur. Çoxları belə düşünür ki, quruca odun parçasıdır, qoyursan qabağına, müxtəlif eskizlər, üsullar tətbiq edirsən, olur sənət əsəri. Əsla elə deyil. Bir sənət əsərini yaratmaq üçün bəzən günlərlə düşünmək, gözlərin önünə tamamlanmış əsəri gətirmək lazım olur. Bu sənətdə orijinal fikirlər və üslublar axtarıb-tapmaq məsələnin ən vacib tərəflərindəndir. Ağac var ustadan yumşaqlıq, mülayimlik tələb edir, ağac var sərtlik. Ağac var ki, tez bir zamanda istənilən şəklə salmaq olur. Ancaq ağac da var ki, çox çətin “ipə-sapa yatır”, insanın səbrini imtahana çəkir, istədiyin nəticəni əldə etmək çox çətin olur. Bundan başqa, hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bu gözəlliyi duyub, hiss etmək lazımdır. Əgər qarşındakı ağacın, belə demək mümkünsə, səndən nə istədiyini hiss edib duya bilmirsənsə, demək, o da sənə istədiyini verməyəcək.
"Təbiət Tanrının ən gözəl təzahürüdür. Təbiətin özünü ifadə forması yaşıllıqlar, ağaclardır. Qədim Şərq fəlsəfəsinə görə, ağacların zümrüd yaşıl rəngi sevgi, emosionallıq rəngidir. Bu baxımdan, ağacların sayı nə qədər çox olarsa, Tanrı təbiət vasitəsilə öz sevgisini bir o qədər ifadə etmiş olar. Bu kontekstdən baxanda ağacların çox olması üçün insanlar səylə çalışmalıdırlar. Hər zaman şüurumuz, dərrakəmiz sevgiyə qulluq etmək olduğu kimi, meşə sahələrinin, yaşıllıqların, ağacların artmasına da yönəlməlidir. Bu, insan övladına yaraşan ən gözəl əməllərdən biridir. Yaşıllıqların sahəsinin artması fotosintez prosesinə töhfə verir, ətraf mühitə və insanların sağlamlığına müsbət təsir edir. Fotosintez prosesi bütün bəşəriyyətin sağlamlığının təminatçısıdır",- deyə rəssam bildirib.
Arif Hüseynov bildirib ki, 650 min ağacın əkilməsi kimi nəcib təşəbbüs Nəsimi dühasının bütün dünyaya verdiyi bir töhfə olacaq: “Həmin gözəl addım Nəsiminin öz sevgisini bizə çatdırmasını təmin edəcək. Ona görə də dahi şairin yubileyi ilə əlaqədar irəli sürülən təşəbbüs alqışalayiqdir”.