REGİONLAR
“Əsgərlər unudulanda ölürlər” sənədli filmi xaçmazlı tamaşaçılara təqdim olunub VİDEO
Xaçmaz, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Əsgərlər unudulanda ölürlər” sənədli filmi xaçmazlı tamaşaçılara təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ekran əsərində 1920-ci ildə Azərbaycana soxulan 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir.
Filmin çəkilişləri Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə və Rusiyada aparılıb. ARB “Aranfilm” Yaradıcılıq Mərkəzində hazırlanan filmin ssenari müəllifi Arif Əliyev, rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı Vaqif Gərayzadə, icraçı direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Film üçün bəstələnən mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunub.
Xaçmazdakı Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edənlər Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıblar. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin keçirildiyi bildirilib. Cümhuriyyətimizin 100 illiyinə həsr olunan “Əsgərlər unudulanda ölürlər” sənədli filmində də milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradan hadisələr öz əksini tapır. Filmdə bəhs olunan hadisələr Xaçmaz rayonunda baş verdiyindən filmin bölgələrdə ilk təqdimatı da məhz burada təşkil edilib.
Filmi izləyən tamaşaçılar bir əsrdən artıq Azərbaycan xalqından gizlədilən tarixi həqiqətləri öyrənməklə yanaşı, bir çox sənədli materiallardan xəbərdar olublar.