CƏMİYYƏT
Aşkarlanan meyit qalıqlarının Şuşa həbsxanasında saxlanılmış əsirlərə aid olduğu ehtimal edilir

Şuşa, 3 iyun, Gülay Nəzərova, AZƏRTAC
Torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb. Şuşa türməsinin ərazisində aşkarlanan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal olunur.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə açıqlama verən Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyevin sözlərinə görə, ötən dövr ərzində Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlardan ümumilikdə 400-dən çox insan meyit qalıqları aşkarlanıb. Həmin insan qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı, 200-dən artıq məhkəmə monekulyar genetik ekspertizası təyin edilib.
“Şuşa həbsxanasının ərazisində ən azı 4 şəxsə məxsus meyit qalıqları aşkarlanıb. Onların Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir”, - deyə Emil Tağıyev vurğulayıb.