ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu “Ən yaxşı elmi məruzə” müsabiqəsi elan edib
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası bu elm müəssisəsində çalışan gənc alim, doktorant və dissertantlar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi elan edib.
AKİ-dən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə keçirilən müsabiqəyə qatılmaq istəyənlər son bir ildə apardıqları elmi tədqiqatlarının ən mühüm nəticələri ilə bağlı məruzələrini mayın 1-dək təqdim etməlidirlər.
Qaliblər AKİ-nin müsabiqə üzrə ekspertlər şurası tərəfindən seçiləcək, müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri tutanlara diplom və pul mükafatı veriləcək.