REGİONLAR
Astarada talassemiyalı və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası keçirilib
Astara, 21 avqust, Bağır Əliyev, AZƏRTAC
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyalarını davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.
Humanitar aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iştirak edən 150 rayon sakininin 72-dən qan götürülüb.
Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.