REGİONLAR
Astarada yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Astara, 13 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ərçivan qəsəbəsində “Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat və təşviqatının təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ərçivan qəsəbəsindəki ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Tural Eyvazov, Təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi İlqar Rəhimzadə mövzuyla bağlı çıxış ediblər.
Çıxış edənlər yol hərəkəti qaydaları haqqında biliklərin əyani şəkildə şagirdlərə öyrədilməsi üçün əməli tədbirlərin görülməsinin vacibliyini qeyd edərək son dövrdə rayonda yol hərəkəti qaydalarının təbliği sahəsində görülən işlərin müsbət nəticələrindən danışıblar.
Şagirdlərə piyada keçidlərindən istifadə qaydaları və yol nişanları barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, məqsəd baş verə biləcək yol qəzalarında məktəblilər arasında ölüm və xəsarət alma hallarının sayını sıfıra endirməkdir.
Sonda şagirdlərin ifasında yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər nümayiş etdirilib.