REGİONLAR
Astaralı idmançılar Bakıda keçirilən beynəlxalq turnirdə 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar
Astara, 8 may, Bağır Əliyev, AZƏRTAC
Astaralı idmançılar Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş gün davam edən yarışda astaralı idmançı Əli Qəmbərov 60 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Digər Astara idmançıları - Ruhid Məmmədzadə 35, Nurlan Əlizadə 60, Yusif Əsgərov 62 və Ülvin Qəmbərov 86 kiloqram çəki dərəcəsində ikinci, Nihad Abdullazadə isə 30 kiloqram çəki dərəcəsində üçüncü yerləri tutublar.
İdmançıları yarışa budo döyüş növləri üzrə məşqçi-müəllimlər Vüsal İskəndərli, VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.
Astara Rayon Gənclər və İdman İdarəsində beynəlxalq turnirdə uğur qazanmış idmançılar, onların valideynləri və məşqçiləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən idarənin rəisi Ərçə Əliyev Bakıda keçirilən beynəlxalq turnirdə uğurla çıxış edən idmançıları, onların məşqçilərini təbrik edərək onlara yeni-yeni qələbə sevincləri arzulayıb.