CƏMİYYƏT
Atatürk parkında təmir və yenidənqurma işləri aparılır
Bakı, 12 dekabr, AZƏRTAC
Paytaxtın Nərimanov rayonundakı Atatürk prospektində yerləşən eyni adlı parkda artıq iki gündür təmir və yenidənqurma işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. Parkin vəziyyəti ilə bağlı ətraf ərazilərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar daxil olurdu.
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədlərinin hazırlanması qərara alınıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri-qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyektlər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyektlərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub.
Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımi şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılaraq buranın sakinlərinin ixtiyarına verilməsi nəzərdə tutulub.