İQTİSADİYYAT
Auditorlar Palatasında PL/TMM sisteminin milli risk qiymətləndirilməsinə dair vebinar keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Auditorlar Palatasında Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsinə dair onlayn vebinar keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Səbuhi Gülməmmədov gündəlikdəki məsələ ilə bağlı məlumat verib və bunun ölkəmiz üçün müstəsna əhəmiyyətinidən danışıb. O qeyd edib ki, Nazirlər Kabinetinin 2020-ci il 21 oktyabr tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə Koordinasiya Şurası yaradılıb.
Azərbaycan Respublikası Baş nazirinin müavinin sədrliyi və aidiyyəti orqanların iştirakı ilə yaradılmış Koordinasiya Şurasının əsas məqsədi Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 1-ci Tövsiyəsinin (Risklərin qiymətləndirilməsi və riskyönümlü yanaşmanın tətbiqi) tələblərinə uyğun olaraq milli səviyyədə PL/TMM risklərinin başa düşülməsi, bu risklərə münasibətdə strateji hədəflərin müəyyən edilməsi və aşkarlanmış risklərin azaldılması istiqamətində addımların atılmasından ibarətdir.
Koordinasiya Şurasının yaradılmasında digər hədəf isə Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycan Respublikasına münasibətdə 2021-ci ildə başlanılması nəzərdə tutulan V raund qiymətləndirilməyə hazırlığın təmin edilməsi məqsədilə qanunvericilikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə müvafiq tədbirlərin əlaqəli şəkildə icrasına nail olmaqdır. Koordinasiya Şurasının yaradılması PL/TMM sahəsində müxtəlif dövlət orqanlarının və aidiyyəti özəl sektorun fəaliyyətini əlaqələndirməklə mövcud çağırışlara vaxtında cavab verməyə, habelə milli sistemin risk qiymətləndirilməsi üzrə effektiv mübarizə əsaslarının yaradılmasına kömək edəcək.
Bu məqsədlə "MONEYVAL Komitəsinin V raund Mili Risk qiymətləndirilməsinə hazırlıq çərçivəsində Maliyyə Monitorinqi Xidməti tərəfindən Auditorlar Palatasına təqdim edilmiş sorğu anketləri, "Qeyri-Maliyyə İnstitutları/Peşəkarları sektorunda zəiflik üzrə sorğu anketi" Əlavə 1-də və "2017-2020-ci illər ərzində DNFP-lər tərəfindən aparılmış müştəri əməliyyatları (DNFB-apardığı hər bir əməliyyat üzrə ayrıca doldurulur)" Əlavə 2-də Auditorlar Palatasının hər bir üzvünə göndərilib və qeyd olunan sorğu anketlərinin cavablandırılıb Auditorlar Palatasına təqdim olunmasına dair aprelin 20-dək vaxt verilib.
Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsinə dair palatada məsul şəxs olaraq, bu sənədin vacibliyini vurğulayıb, Auditorlar Palatasının üzvlərinə göndərilmiş sorğu anketlərində nəzərdə tutulmuş müddəaların hər birinə aydınlıq gətirib.
Vebinarda bir daha vurğulanıb ki, bu məsələnin icrası ilə bağlı hər hansı suallar yaranarsa, yenidən palataya müraciət oluna bilər (Məsul şəxs: Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovdur. Telefon: (012) 498-28-55 (dax.134); mob.: (050) 330-55-22. E-mail: [email protected])