DÜNYA
Avropa İttifaqının üzvü olan bəzi ölkələrdə məktəblər, bərbərxanalar, muzeylər və küçə kafeləri öz fəaliyyətini bərpa edir
Budapeşt, 3 may, AZƏRTAC
Avropa İttifaqının üzvü olan bəzi ölkələrdə yuxarı sinif şagirdləri üçün məktəblər bu gündən etibarən öz fəaliyyətini bərpa edir.
AZƏRTAC xəbər verir ki, Slovakiya, Sloveniya, Macarıstan və Bolqarıstan həmin ölkələr sırasındadır. Bu qərar ölkə əhalisinin sürətli peyvəndlənməsi prosesi üzrə epidemiya əleyhinə məhdudlaşdırıcı tədbirlərin tədricən ləğvi çərçivəsində qəbul edilib. Bildirilir ki, dərslər rotasiya əsasında keçiləcək. Şagirdlər siniflərdə yalnız hissə-hissə iştirak edəcəklər. Həftədə iki dəfə mütləq şəkildə koronavirus testi aparılacaq.
Bu gündən Macarıstanda da muzey və qalereyalar fəaliyyətə başlayır. Yenidən işə başlayacaq bərbərxanalarda isə müştəri tərəfindən koronavirusa yoluxma testinin neqativ nəticəsi barədə arayış təqdim olunması şərtilə xidmət göstəriləcək. Restoranlar hələ ki, müştərilərə yalnız açıq havada yerləşən terraslarda xidmət göstərə bilərlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt