İDMAN
Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların mətbuata açıq məşqi keçirilmişdir VİDEO
Bakı, 28 mart (AZƏRTAC, Səxavət Quliyev). Martın 28-də Bakıdakı Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların mətbuata açıq məşqi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, güləşçilərimizin Avropa çempionatına ciddi hazırlaşdıqlarını bildirən Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov komandamızın martın 30-da Finlandiyaya yola düşəcəyini diqqətə çatdırmışdır.
Bildirmişdir ki, bir müddət əvvəl Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində dəyişiklik edilmişdi. Məşqçilər korpusu tərəfindən bu istiqamətdə mühüm addımlar atılmışdır və çəki dərəcələri üzrə heç bir problemimiz yoxdur. Finlandiyada keçiriləcək qitə birinciliyinə tam heyətlə yola düşürük. Milli komandamızın hər bir üzvü mükafatçılar sırasında yer almaq iqtidarındadır. Ümid edirəm ki, komandamız maksimal nəticə göstərərək Azərbaycan xalqını sevindirəcəkdir.
Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Toğrul Əsgərovun da qitə birinciliyində iştirak edəcəyini diqqətə çatdıran baş katib ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısının əhəmiyyətindən danışmışdır. Ə.Cəfərov qeyd etmişdir ki, yunan-Roma güləşi üzrə 55 kiloqram çəki dərəcəsinin ləğv edilməsi bir neçə idmançımızın çəkilərini artırmasına səbəb olmuşdur. Bu da asan məsələ olmadığı üçün bir qədər zaman tələb edir. Yeni yaradılmış 59 kiloqram çəki dərəcəsində Kamran Məmmədovu sınaqdan keçirmək istəyirik. K.Məmmədov əvvəllər 60 kiloqram çəki dərəcəsində mübarizə aparmışdır.
London Yay Olimpiya Oyunlarından sonra ilk yarışa çıxacağını diqqətə çatdıran T.Əsgərov çempionata ciddi hazırlaşdığını bildirmiş və əsas rəqiblərinin Rusiya güləşçiləri olacağını vurğulamışdır.
Sonra məşqçilər korpusu tərəfindən aprelin 1-dən 6-dək Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləşlərinə dair yığma komandalarımızın heyəti elan olunmuşdur.
Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Azərbaycan yığma komandası çempionatda baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında mübarizə aparacaqdır.
Yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcəkdir.