DÜNYA
Avropa əhalisinin əksəriyyəti keçmişdə vəziyyətin indikindən daha yaxşı olması qənaətindədir
Vyana, 6 noyabr, AZƏRTAC
Avropalıların üçdə iki hissəsi hesab edir ki, keçmişdə dünyada vəziyyət indikindən daha yaxşı olub.
AZƏRTAC xəbər verir ki, Bertelsmann Fondunun Avropa İttifaqında 11 min respondent arasında apardığı sorğu nəticəsində rəyi soruşulanların 67 faizi keçmişə nostalji hisslər bəslədiyini etiraf edib. “Bizim dövrümüzdə belə deyildi” deyənlərin əksəriyyəti (53 faiz) siyasi görüşünə görə sağçı olduqlarını da qeyd ediblər.
Sorğuda daha çox italyanlar müasir dövrümüzü bəyənmədiklərini ifadə ediblər. Bu ölkədən olan respondentlərin 77 faizi keçmişdə hər şeyin daha yaxşı olduğunu bildiriblər. Polşada isə əksinə, narazıların səviyyəsi 59 faiz olub.
Keçmişin xiffətini çəkənlər müasir dövrün əsas problemləri sırasında ilk olaraq miqrasiyanı qeyd ediblər. Onların yarıdan çoxu hesab edib ki, miqrantlar yerli əhalinin iş yerlərini əlindən alır. Nostalji hisslərlə yaşayanların 78 faizi isə miqrantların yerli cəmiyyətə nə dərəcədə inteqrasiya olmasına mənfi cavab veriblər.
Fondun apardığı sorğu Avropa İttifaqı ölkələrində və daha geniş şəkildə isə beş ən böyük üzv ölkədə (Almaniya, Fransa, İtaliya, Polşa və İspaniya) keçirilib.
Nəticələri şərh edən fondun əməkdaşı Aart De Qeus bildirib ki, klassik vətəndaş partiyaları “nostalgiya ritorikası”ndan əl çəkməli və seçicilər önünə konstruktiv müzakirələr və ciddi mövzularla çıxmalıdırlar. Əgər partiyalar əhalinin qorxu və əminsizliyindən öz seçki uğurları üçün sui-istifadə etmək məqsədilə heç zaman olmayan “qızıl keçmiş dövranı”nı tərənnüm edirlərsə, bu, onlar tərəfindən yol verilən ciddi məsuliyyətsizlikdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana