DÜNYA
Avropa ölkələrində beynəlxalq mafiyaya qarşı əməliyyatlar həyata keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Avropa ölkələrində və Cənubi Amerikada “Ndrangheta” beynəlxalq mafiya təşkilatına qarşı keçirilən polis əməliyyatlarında 90 nəfərin həbs olunduğu bildirilir.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, İtaliya polisinin məlumatına görə, Romada, habelə Almaniya, Niderland və Belçikanın şəhərlərində keçirilən əməliyyatlarda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı, “çirkli pulların yuyulması”, əmlak dələduzluğu ilə məşğul olan nəhəng kriminal şəbəkənin üzvləri saxlanılıb. Bu reydlər “Koza-Nostra” adlı Siciliya mafiyasının “xaç atası” zərgər Settimo Mineonun Palermoda 46 nəfərlə birlikdə həbs olunması xəbərindən sonra keçirilib.
Bildirilir ki, “Ndrangheta” İtaliyanın cənubundakı Kalabriada yaradılıb, lakin onilliklər ərzində güclü beynəlxalq kriminal təşkilata çevrilib. Bu mafioz qrupa qarşı Avropa İttifaqının (Aİ) “Eurojust” agentliyinin əlaqələndirdiyi reydləri Aİ-yə üzv ölkələrin hüquq-mühafizə orqanları birgə təşkil edib. Avropa Parlamentinin sədri Antonio Tayani əməliyyatların uğurla başa çatması münasibətilə onları təbrik edib.
Alman polisi, öz növbəsində, Bavariya və Şimali Reyn-Vestfaliya əyalətlərində mafiya təşkilatına məxsus əmlakı üzə çıxarıb. Almaniyada aparılan reydlərdə 440 polis əməkdaşı iştirak edib.