DÜNYA
Avstraliyada üzərində çat əmələ gələn göydələnin sakinləri təxliyə olunublar
Tokio, 27 dekabr, AZƏRTAC
Sidneydə göydələndə çat əmələ gəldiyinə görə sakinlər təxliyə olunublar.
AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, hazırda binada mütəxəssislər tərəfindən araşdırma aparılır.
“Opal Tower” adlanan 34 mərtəbəli göydələnin sakinləri ilk dəfə dekabrın 24-də binanın konstruksiyasından gələn səsdən sonra təxliyə ediliblər. Binanın salamat olduğunu yoxlamaq üçün buraya mütəxəssislər göndərilib. Yaxınlıqdakı binaların sakinləri də evlərini tərk ediblər. Ümumilikdə 3 minə yaxın insan təxliyə olunub. Dekabrın 25-də sakinlərə evlərinə dönməyə icazə verilsə də, ən azı 51 mənzil təhlükəli hesab edilib. Binada araşdırma nəticəsində 10-cu mərtəbədə böyük çat aşkarlanıb. Ertəsi gün Yeni Cənubi Uels ştatının hökuməti vəziyyətin araşdırılması barədə göstəriş verib.
Dekabrın 27-də “Ikon” tikinti şirkəti sutka ərzində sakinlərin hamısının binanı tərk etməli olduğunu bildirib. Araşdırmaların təqribən 10 gün davam edəcəyi gözlənilir. Göydələnin sakinlərinin yaxınlıqdakı mehmanxanalara yerləşdiriləcəyi və onlara kompensasiya ödəniləcəyi də qeyd edilir.
“Opal Tower” 2018-ci ildə istifadəyə verilib və burada 392 mənzil var. Binanın layihəsinin Avstraliyanın “Bates Smart” memarlıq şirkəti tərəfindən hazırlandığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio