DÜNYA


Avstriyada ictimai nəqliyyat üçün ölkə üzrə vahid tarif sistemi yaradılır

Vyana, 28 yanvar, AZƏRTAC

Avstriyada yeni hökumətdə təmsil olunan Yaşıllar Partiyası seçkiöncəsi vədlərindən birini reallaşdırmağa başlayıb. Bu partiyanın təmsilçisi, Ekologiya naziri Leonore Qevessler bildirib ki, yaxın gələcəkdə ictimai nəqliyyatda bütün ölkəni əhatə edəcək vahid tarif sisteminin yaradılması üzərində iş gedir.

AZƏRTAC xəbər verir ki, “1-2-3 Karte“ adlanan yeni tarif sistemində bir federal əyalət ərazisində ictimai nəqliyyatdan istifadə sərnişinlərə bir gün üçün 1 avro, ikinci federal əyalətə də səfər nəzərdə tutularsa 2 avro, bütün ölkəni əhatə edərsə 3 avroya başa gələcək. Ölkədə ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın cəlbediciliyini artırmaq istəyən “yaşıllar“ yaxın gələcəkdə Avstriya Federal Dəmir Yolları, Qərb Dəmir Yolu, müxtəlif avtobus şirkətləri və ölkənin yeddi əsas nəqliyyat şirkəti ilə razılaşma əldə etməlidir. Biletlərin sərnişinlər üçün ucuzlaşması ilə əlaqədar nəqliyyat şirkətlərinə kompensasiya ödənilməlidir. Nazirin sözlərinə görə, bir neçə milyon avro dəyərində xüsusi paket üzərində də iş gedir.

Yeni tarif sistemi qüvvəyə minəcəyi təqdirdə, illik 1095 avro ödəyən hər bir sərnişin yeni kartla ölkə ərazisində istənilən ictimai nəqliyyat növündən (qatar, avtobus, metro, tramvay və trolleybus) istifadə edə biləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.