DÜNYA
Avstriyada yeni hökumətin təşkili üçün koalisiya danışıqları başa çatıb
Vyana, 16 dekabr, AZƏRTAC
Dekabrın 15-də konservativ Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiya danışıqlarını başa vurub.
AZƏRTAC xəbər verir ki, axşam saatlarında keçirilən birgə mətbuat konfransında hər iki partiyanın rəhbərləri danışıqların yekunları barədə məlumat veriblər.
Təxminən 50 gün davam edən danışıqlardan sonra ÖVP sədri Sebastian Kurts kansler, FPÖ sədri Haynts-Kristian Ştraxe vitse-kansler vəzifəsini icra edəcəklər.
Dekabrın 16-da koalisiya tərəfdaşları Prezident Aleksandr Van der Bellenə danışıqların nəticəsi barədə məlumat verəcəklər. Günorta saatlarında isə yeni hökumətin fəaliyyət proqramı və hökumətin tərkibi ictimaiyyətə təqdim ediləcək.
Xatırladaq ki, oktyabrın 15-də keçirilən növbədənkənar parlament seçkilərində Avstriya Xalq Partiyası qalib gəldikdən sonra dövlət başçısı A.Van der Bellen bu partiyanın rəhbəri Sebastian Kurtsa yeni hökuməti təşkil etmək üçün mandat vermişdi. Sağçı-radikal Avstriya Azadlıq Partiyası ilə danışıqlara gedən partiya artıq Milad bayramından əvvəl hökuməti təşkil etməyə nail olub.
Yeni hökumətin andiçmə mərasimi növbəti həftənin əvvəlində keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana