ELM VƏ TƏHSİL
Avstriyalı şair Bakı Slavyan Universitetinin tələbələri ilə görüşüb
Bakı, 10 oktyabr, AZƏRTAC
Müasir Avstriya poeziyasının görkəmli nümayəndəsi, beynəlxalq mükafatlar laureatı Karl Lubomirski Bakı Slavyan Universitetinin (BSU) filologiya fakültəsinin tələbələri ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaq alman dili ixtisası üzrə təhsil alan tələbələrə Avstriya ədəbiyyatından, müasir poeziyanın qarşısında duran vəzifələrdən, məşhur alman şairi, Nobel mükafatı laureatı Günter Qrafla bağlı xatirələrindən, həyat və yaradıcılığından danışıb. 1962-ci ildən İtaliyada yaşamasına və bu dili mükəmməl bilməsinə baxmayaraq, əsərlərini yalnız almanca yazdığını vurğulayan Karl Lubomirski deyib: “Mən alman dilində sözlərin hərarətini hiss edirəm”.
Yaradıcılığının Avstriya hökuməti tərəfindən daim yüksək dəyərləndirildiyini vurğulayan qonaq bir çox mükafatlarla təltif olunduğunu diqqətə çatdırıb. Əsərlərinin 22 dilə tərcümə olunduğunu deyən K.Lubomirski bildirib ki, tərcüməçilik zəhmətkeşlik tələb edən bir işdir.
Görüşdə, həmçinin şairin bu yaxınlarda Azərbaycanda çapdan çıxmış “Özümdən elə uzağam” şeirlər kitabı gənc oxuculara təqdim olunub. Bildirilib ki, kitabı dilimizə tanınmış tərcüməçi Çərkəz Qurbanlı çevirib.
Avstriyalı qonaqla görüşdə BSU-nun rektoru, professor Nurlana Əliyeva poeziyanın sərhədinin olmadığını, onun ölkələri adlayıb qitədən-qitəyə yol açdığını deyib. O, şairin gənclər tərəfindən hərarətlə qarşılanmasının da bu sərhədsizliyin bir nümunəsi olduğunu bildirib.
Kitabının Bakıda çapdan çıxmasından məmnunluğunu bildirən K.Lubomirski ölkəmizə səfəri zamanı böyük səmimiyyətlə qarşılanmasından şad olduğunu söyləyib.