DÜNYA
Avstriyanın Müstəqillik Günündə Prezident sarayında peyvənd məntəqəsi fəaliyyət göstərəcək
Vyana, 18 oktyabr, AZƏRTAC
26 oktyabr - Avstriyanın Dövlət Müstəqilliyi Günündə Vyanada Prezident Administrasiyasında koronavirusa qarşı peyvənd məntəqəsi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu dövlət başçısı Aleksander Van der Bellen əhaliyə ünvanlanmış videomüraciətində deyib. O bildirib ki, Avstriyanın ən gözəl vaksinasiya məntəqəsi olan Hofburq sarayının mərmər zalında peyvənd olunmaq istəyənlər milli bayram günü bu fürsətdən yararlana bilərlər: “Bu il biz Hofburqu (saray qalası) İmpfburqa (peyvənd qalası) çevirəcəyik!”.
Vyana Şəhər Bələdiyyəsi və Prezident Administrasiyasının birgə layihəsinin hədəfi əhali arasında peyvənd təşviqatını gücləndirməkdir. Hofburqda peyvənd olunan şəxslər daha sonra administrasiyanın ictimaiyyətə açıq hissəsini gəzə biləcəklər. Hər il milli bayram günü keçirilən “açıq qapı günü“ bu il yerini peyvənd kampaniyasına verəcək.
Hofburq sarayında peyvənd kampaniyası oktyabrın 26-da saat 12-dən 18-ə kimi keçiriləcək və bunun üçün onlayn və ya telefon vasitəsilə qeydiyyatdan keçmək olar.
Avstriyada indiyədək əhalinin 62 faizi (5,53 milyon nəfər) koronavirusa qarşı tam peyvənd olunub. Qarşıdan gələn qış mövsümündə yoluxma hallarının riskli səviyyəyə qalxmaması üçün hökumət əhalini vaksinasiyaya cəlb etmək üçün bütün mümkün vasitələrdən istifadə edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana