CƏMİYYƏT
Avtomobilin benzin çənində pirotexniki vasitələr aşkarlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Avtomobilin benzin çənində pirotexniki vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal gömrük nəzarəti xəttində Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin benzin çəninin içərisində gizlədilən, üzərində “Mega Black Devil” yazıları olan 560 ədəd və üzərində “Piccolo Corsar” yazıları olan 840 ədəd pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.