REGİONLAR
Avtoxuliqanlıq edərək ictimai qaydanı pozan sürücü saxlanılıb
Biləsuvar, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Cəbrayıl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Biləsuvar rayonu ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayon sakini Məhəmməd Mahmudov saxlanılıb.
Polis əməkdaşları tərəfindən M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, bir il sürücülük hüququndan məhrum olunub və 15 gün müddətinə inzibati qaydada həbs edilib.