SİYASƏT
Aytən Mustafayeva: Azərbaycan Prezidenti Aşqabadda Ermənistanın faşist ideologiyasına əsaslanan siyasətini ifşa etdi
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında tarixi çıxış edərək Ermənistanın faşist ideologiyasına əsaslanan siyasətini ifşa etdi. Dövlətimizin başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasından sonra bu iclasda bir daha qətiyyətli mövqe nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib.
Deputat qeyd edib ki, ölkə başçısı öz çıxışında Azərbaycan xalqının faşizm üzərində ümumi qələbəyə verdiyi töhfədən danışaraq bildirib ki, Bakı nefti olmasaydı heç bir qələbədən söhbət gedə bilməzdi. Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanı fakt və sübutlarla yerində oturtması hər bir azərbaycanlı üçün qürurvericidir. Dövlətimizin başçısının Paşinyana cavabı tutarlı və kəskin oldu: "Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir".
“Bu çıxış təcavüzə, işğalçılıq siyasətinə qarşı edilən tarixi çıxışdır”, - deyən Aytən Mustafayeva vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin tənqid olunması Aşqabaddakı çıxışın əsas leytmotivini təşkil edirdi.